Loading 0%

“Dubay Ekspo 2020” sərgisini ziyarət edənlərin sayı 11 milyona çatıb

26 YANVAR 2022

“Dubay Ekspo 2020” sərgisini ziyarət edənlərin sayı 11 milyona çatıb, həmçinin 72,5 milyon nəfər sərgi çərçivəsində təşkil edilən tədbirləri virtual izləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən sərginin təşkilatçıları hər gün orta hesabla 200 tədbirin keçirildiyini qeyd ediblər. Bu tədbirlərin sırasında iştirakçı ölkələrin milli günləri, müxtəlif sahələr üzrə təqdimatlar, forumlar, konsert və tamaşalar var. Bundan başqa, sərgi çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Hədəflərinə (SDGs) daxil olan yoxsulluğun azaldılması, sağlamlıq və təhsil, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.

Qlobal Hədəflər Həftəliyi sessiyalarına isə bütün planetdən 767 min nəfər qoşulub. Sərginin təşkilatçıları, həmçinin ailələr və azyaşlılar üçün Dubay Bağça Festivalı da təşkil ediblər.

Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan Pavilyonu ən çox ziyarətçi qəbul edən milli pavilyonlardan biridir. Burada keçirilən təqdimatlar, konsertlər, həmçinin milli kulinariya nümunələri dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərin böyük marağına səbəb olub.

“Dubay Ekspo 2020” sərgisi martın 31-dək davam edəcək.

 

 

Mənbə: AZƏRTAC