Loading 0%

“Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunda “Dostluq” xalçası təqdim ediləcək

08 FEVRAL 2022

Fevralın 18-dən 20-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən keçiriləcək tədbirlər çərçivəsində milli xalça sənətimiz ziyarətçilərə təqdim ediləcək.

Trend xəbər verir ki, fevralın 18-də milli pavilyonda “Dostluq” xalçasının təqdimatı olacaq. Ənənəvi Azərbaycan xalçaları və müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Əməkdar rəssam Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın toxunması və emalı 7 ay davam edib. Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

Fevralın 19-u və 20-də isə “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda qədim xalça sənətinin sirlərini öyrənmək arzusunda olanlar üçün ustad dərsləri də təşkil edəcək.

 

Mənbə: Trend (news agency)